ABŞ prezidenti Donald Tramp Ukraynada müharibə bitməsə, Rusiya neftinə əlavə 25 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb. Putinin Zelenskinin legitimliyini şübhə altına almasından qəzəblənən Tramp bu həftə Rusiya lideri ilə görüşməyi planlaşdırır. 20 aprel atəşkəs tarixi gündəmdə olsa da, Vaşinqtonun Ukraynadan təbii sərvət gəlirləri tələb etdiyi iddiaları da diqqət çəkir.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə “çox qəzəbli” olduğunu və Ukraynada müharibənin dayandırılması üçün atəşkəs əldə olunmayacağı təqdirdə Rusiya neftinə əlavə gömrük rüsumları tətbiq edəcəyini bildirib.
“Əgər biz Ukraynada qan tökülməsini dayandırmaq üçün Rusiya ilə razılaşa bilməsək və mən hesab edirəm ki, bu, Rusiyanın günahıdır – bu, olmaya bilər, amma düşünürəm ki, Rusiyadan gələn bütün neftə rüsumlar tətbiq edəcəm”, – deyə Tramp NBC telekanalına müsahibəsində deyib. 25 faizlik tariflərin hər an qüvvəyə minə biləcəyini deyən Tramp bu həftə Putinlə görüşməyi planlaşdırdığını bildirib.
Putin Trampı qəzəbləndirdi Əl-Cəzirə telekanalının məlumatına görə, Putin Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyini şübhə altına aldıqdan və Ukraynada yeni administrasiya ehtimalını gündəmə gətirdikdən sonra Tramp qəzəblənib.
Ötən cümə axşamı Putin Ukraynada Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında müvəqqəti administrasiya yaradılmasını təklif edib. Lakin BMT-nin baş katibi Antonio Quterres bu təklifi tez bir zamanda rədd etdi. Rusiya rəsmiləri Zelenskinin legitimliyini şübhə altına almağa davam edərək, onun səlahiyyət müddətinin bitdiyini və Ukraynanın seçki keçirmədiyini iddia edirlər.