Ağ Evin sözçüsü Karoline Leavitt Rusiyanın birtərəfli müvəqqəti atəşkəs təklifi ilə bağlı verdiyi açıqlamada, prezident Donald Trampın daimi atəşkəs istədiyini və hər iki liderin danışıqlar masasına oturmalı olduğuna inandığını bildirib. Trampın prosesin gedişindən məyus olduğu bildirilir.
Ağ Evin sözçüsü Karoline Leavitt, Rusiyanın elan etdiyi birtərəfli müvəqqəti atəşkəslə bağlı açıqlamasında Prezident Donald Trampın prioritetinin daimi atəşkəsə nail olmaq olduğunu bildirib.
Leavitt mətbuat konfransında Rusiya-Ukrayna müharibəsində atəşkəs prosesi ilə bağlı qiymətləndirmələr edib:
"Mən başa düşdüyüm kimi, (Rusiya Prezidenti) Vladimir Putin bu səhər müvəqqəti atəşkəs təklif etdi. Prezident Tramp açıq şəkildə bildirdi ki, o, ilk növbədə ölümləri və qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir".
“Hər iki lider masa arxasında oturub danışıqlar aparmalıdır”
Leavitt Trampın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin sülh prosesindəki irəliləyişindən məyus olduğunu bildirib və davam edib:
"Prezident hər iki liderin masa arxasına əyləşərək bu vəziyyətdən çıxış yollarını müzakirə etməsini istəyir. Düşünürəm ki, prezident Trampın prezident Zelenski ilə görüşü onun bu işə çox səy və vaxt sərf etdiyini göstərir".