“TuranBank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 1 milyon 256 min manat və ya 1.8 dəfə artaraq 1 milyon 924 min manata çatıb.
Kommersant.az xəbər verir ki, bankın məcmu kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 4 milyon 108 min manat və ya 0.4% artaraq 96 milyon 25 min manat olub.
KREDİT PORTFELİ ARTIB
“TuranBank”ın aktivlər cəmi 1 il ərzində 105 milyon 860 min manat və ya 14.8% artaraq 820 milyon 821 min manata bərabər olub. Bu artımda ən böyük pay isə kredit portfelinin payına düşüb. Belə ki, bankın kredit portfeli 112 milyon 50 min manat və ya 25.7% artaraq 548 milyon 495 min manata çatıb. Faiz nisbətinə görə ən yüksək artım istehlak kreditlərində olub. Belə ki, bankın verdiyi istehlak kreditləri 1 il ərzində 46 milyon 279 min manat və ya 50% artaraq 138 milyon 793 min manata çatıb. Bundan başqa bankın biznes kreditləri də 1 il ərzində 49 milyon 38 min manat və ya 18.5% artaraq 264 milyon 817 min manat olub. Daşınmaz əmlaka verilən kreditlər 95 milyon 848 min manat olub ki, bu da 2021-ci ilin eyni rübü ilə müqayisədə 16 milyon 735 min manat və ya 21.1% çoxdur.
“TuranBank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 523 min manat azaldaraq 5 milyon 67 min manata endirib. Buna görə də bankın xalis kreditləri 112 milyon 573 min manat və ya 26.1% artaraq 543 milyon 428 min manata yüksəlib.
ƏMANƏTÇİLƏR BANKI TƏRK EDİB
Bankın öhdəliklər cəmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 103 milyon 362 min manat və ya 16.5% artaraq 627 milyon 893 min manat olub. Bu artımın 1.1%-i depozit portfelinin payına düşüb.
Bankın depozit portfeli 1 il ərzində 11 milyon 822 min manat və ya 0.2% artaraq 429 milyon 274 min manata çatıb. Bankın fiziki şəxslərdən topladığı əmanətlər 70 milyon 273 min manat və ya 27.2% artaraq 327 milyon 904 min manat olsa da hüquqi şəxslər bankdakı əmanətlərini geri çəkiblər.
“TuranBank”da əmanət yerləşdirən hüquqi şəxslər pullarını geri çəkiblər. Belə ki, 1 il ərzində bank sözügedən şəxslərin əmanətlərindən 58 milon 451 min manat və ya 36.6% itirib. Bununla da hüquqi şəxslərin əmanətləri 101 milyon 370 min manata düşüb.
Bankın cəmi kapitalı 2 milyon 497 min manat və ya 0.2% artaraq 89 milyon 565 min manat olub. Bu artımın 1 milyon 233 min manatı ümumi ehtiyatların payına düşüb. Sözügedən ehtiyat 8 milyon 264 min manata çatıb.
ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB
“TuranBank” faiz gəlirləri 20 milyon 395 min manat və ya 48% artaraq 62 milyon 855 min manata, faiz xərcləri isə 7 milyon 832 min amant və ya 28.7% artaraq 35 milyon 153 min manata yüksəlib. Nəticədə bank xalis faiz gəliri əldə edib. Xalis fiaz gəliri 2021-ci ilin son rübü ilə müqayisədə 9 milyon 593 min manat və ya 63.4% çoxdur.
Qeyri-faiz gəliri 7 milyon 376 min manat və ya 1.1 dəfə artaraq 13 milyon 910 manata, qeyri-faiz xərcləri də 52.8% artaraq 30 milyon 188 min manata yüksəlib. Bu artımların nəticəsində bank əməliyyat mənfəəti əldə edib. Sözügedən mənfəət 2021-ci ilin sonu ilə müqayisədə 6 milyon 540 min manat və ya 3.4 dəfə artaraq 8 milyon 454 min manat olub.