Vasif Talıbovun Naxçıvan Ali Məclisindən istefa verməsi “Naxçıvan Bank”ı çətin vəziyyətə salıb. Bank 2022-ci ili 13 milyon 53 min manatlıq xalis mənfəətlə başa vursa da, müştərilərinin əmanətlərində ciddi itkilərlə üzləşib.
Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın aktivlər cəmi 1 il ərzində 2 milyon 705 min manat və ya 0.07% artaraq 346 milyon 462 min manata çatıb.
Bankın müştərilərinə verdiyi kreditlər isə 2021-ci ilin son rübü ilə müqayisədə 31 milyon 70 min manat və ya 22% artaraq 171 milyon 970 min manat olub.
“Naxçıvan Bank”ın öhdəliklər cəmi 2022-ci ilin sonunda 11 milyon 601 min manat azalaraq 234 milyon 274 min manata düşüb. Bu azalmanın əsas səbəbi bankda depoziti olan şəxslərin əmanətlərini geri çəkməsidir. Belə ki, bankın depozit portfeli 24 milyon 932 min manat və ya 13.8% azalaraq 155 milyon 416 min manata düşüb. Bu azalmada ən çox pay sahibi isə bankda əmanəti olan fiziki şəxslər olub. Onların bankdakı əmanətləri 12 milyon 660 min manat və ya 55% azalaraq 10 milyon 370 min manata bərabərləşib. Hüquqi şəxslərin əmanətləri isə 12 milyon 272 min manat və ya 0.7% azalaraq 145 milyon 46 min manatadək əriyib.
“Naxçıvan Bank”ın faiz gəliri 7 milyon 317 min manat və ya 54.1% artaraq 20 milyon 830 min manata yüksəlib. Bununla yanaşı, bankın faiz xərcləri 158 min manat və ya 19.3% artaraq 975 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 7 milyon 382 min manat və ya 59.6% artaraq 19 milyon 771 min manata bərabərləşib.
Qeyri-faiz gəliri 1 milyon 377 min manat və ya 28.1% artaraq 6 milyon 270 min manata, qeyri-faiz xərcləri isə 3 milyon 115 min manat və ya 53.7% artaraq 8 milyon 915 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 17 milyon 126 min manat olub ki, bu da 2021 –ci ilin son rübü ilə müqayisədə 5 milyon 644 min manat və ya 49.1% çoxdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 1 il ərzində 10 milyon 881 min manat və ya 11.9% artaraq 102 milyon 564 min manata yüksəlib.