“Muğan Bank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 1 milyon 496 min manat və ya 96.4% azalaraq 56 min manata enib.
Kommersant.az xəbər verir ki, bankın məcmu kapitalında isə 1 milyon 299 min manat və ya 0.1% artım müşahidə olunub. Bununla da “Muğan Bank”ın məcmu kapitalı 2022-ci ilin son rübündə 103 milyon 164 min manata yüksəlib.
AKTİVLƏR CƏMİ ARTIB
Bankın cəmi aktivləri 90 milyon 886 min manat və ya 12.8% artaraq 799 milyon 338 min manata çatıb. Bu artımda kredit portfelinin payı 58% olub.
“Muğan Bank”ın kredit portfeli 2021-ci ilin son rübü ilə müqayisədə 52 milyon 710 min manat və ya 13.1% artaraq 453 milyon 771 min manata bərabərləşib. Bu artımda ən böyük pay isə biznes kreditlərinin üstünə düşüb. Belə ki, bankın biznes kreditləri 31 milyon 251 min manat və ya 11.8% artaraq 295 milyon 121 min manata yüksəlib. “Muğan Bank”ın istehlak kreditləri isə 1 il ərzində 14 milyon 972 min manat və ya 50% artaraq 44 milyon 587 min manata bərabər olub. Bank daşınmaz əmlaka verdiyi kreditləri 114 milyon 49 min manat edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 6 milyon 488 min manat və ya 0.6% çoxdur.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 242 min manat azaldaraq 6 milyon 361 min manata endirən “Muğan Bank”ın xalis kreditləri 53 milyon 952 min manat və ya 13.7% artaraq 447 milyon 409 min manata bərabərləşib.
CƏMİ ÖHDƏLİKLƏRİ ARTIB
“Muğan Bank”ın öhdəliklər cəmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 89 milyon 671 min manat və ya 14.5% artıb. Bununla da bankın cəmi öhdəlikləri 706 milyon 158 min manata bərabər olub.
Depozit portfeli 94 milyon 905 min manat və ya 23.4% artaraq 491 milyon 756 min manata yüksəlib. Bu artımda əsas pay isə fiziki şəxslərin əmanətlərinin üstünə düşüb. Belə ki, fiziki şəxslərin əmanətləri 1 il ərzində 113 milyon 837 min manat və ya 40.5% artaraq 394 milyon 655 min manata çatıb. Buna baxmayaraq hüquqi şəxslərin bankdakı əmanəti 2021-ci ilin sonu ilə müqayisədə 18 milyon 932 min manat və ya 16.3% azalaraq 97 milyon 101 min manata düşüb.
Bölüşdürülməmiş mənfəətini 424 min manat azaldaraq 23 milyon 650 min manata, ümumi ehtiyatlarını isə 792 min manat artıraraq 9 milyon 331 min manata çatdırıb. Bununla da bankın cəmi kapitalı 1 milyon 215 min manat artaraq 93 milyon 180 min manata yüksəlib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Muğan Bank”ın faiz gəliri 11 milyon 715 min manat və ya 41.4% artaraq 40 milyon 11 min manata, faiz xərcləri isə 7 milyon 975 min manat və ya 28.4% artaraq 36 milyon 81 min manata bərabərləşib. Bununla da “Muğan Bank” 3 milyon 930 min manat xalis faiz gəliri əldə edib. Bu da 2021-ci ilin eyni rübü ilə müqayisədə 3 milyon 740 min manat və ya 19.7 dəfə çoxdur.
Qeyri-faiz gəlirini 11 milyon 584 min manat və ya 33.6% artıraraq 46 milyon manata, qeyri-faiz xərclərini isə 254 min manat və ya 0.07% artıraraq 33 milyon 368 min manata yüksəldib. Nəticədə bank əməliyyat mənfəəti əldə edib. “Muğan Bank”ın əməliyyat mənfəəti 15 milyon 70 min manat və ya 10.1 dəfədən çox artaraq 16 milyon 562 min manata çatdırıb.
Qeyd edək ki, bankın xalis mənfəət əldə etməsinin səbəbi hesabata qədər mənfəət vergisini ödəməməsidir.