“Bank BTB” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, sözügedən bankın xalis zərəri 5 milyon 521 min manat və ya 10.1 dəfə artaraq 4 milyon 975 min manata yüksəlib.
"Kommersant.az" xəbər verir ki, “Bank BTB”nin məcmu kapitalı isə 2021-ci ilin son rübü ilə müqayisədə 197 min manat və ya 0.03% artaraq 2022-ci ilin sonunda 53 milyon 772 min manata yüksəlib.
AKTİVLƏR CƏMİ ARTIB
Bankın cəmi aktivləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 12 milyon 138 min manat və ya 0.3% artaraq 374 milyon 200 min manata bərabər olub. Bu artımda kredit portfelinin payı 30% təşkil edib. Belə ki, bankın kredit portfeli 265 milyon 831 min manat olub. Bu da 2021-ci ilin eyni rübü ilə müqayisədə 3 milyon 734 min manat və ya 0.1% çoxdur. Bu artımın 4 milyon 941 min manatı istehlak kreditlərinin payına düşüb. Belə ki, “Bank BTB”nin istehlak kreditləri 20.4% artaraq 29 milyon 71 min manata çatıb. Bankın biznes və daşınmaz əmlaka ayırdığı kreditlər isə 1 il ərzində azalıb.
“Bank BTB”nin biznes kreditləri 1 milyon 34 min manat azalaraq 67 milyon 176 min manata, daşınmaz əmlak kreditləri isə 143 min manat azalaraq 169 milyon 582 min manata enib. Nəticədə bankın xalis kreditləri 149 min manat artaraq 251 milyon 203 min manata yüksəlib.
CƏMİ ÖHDƏLİKLƏRİ ARTIB
Bankın cəmi öhdəlikləri 2021-ci ilin son rübü ilə müqayisədə 17 milyon 103 min manat və ya 0.5% artaraq 324 milyon 146 min manata çatıb. Bu artıma baxmayaraq bankın depozit portfelində azalma müşahidə olunub. Belə ki, bankın depozit portfeli 1 il ərzində 1 milyon 902 min manat və ya 10.2% azalaraq 16 milyon 663 min manata enib.
Fiziki şəxslərin bankdakı əmanətləri 569 min manat azalaraq 6 milyon 79 min manata, hüquqi şəxslərin depozitləri isə 1 milyon 333 min manat azalaraq 10 milyon 584 min manata düşüb.
“Bank BTB”nin yığılmış zərəri 4 milyon 941 min manat və ya 29.6% artraraq 19 milyon 402 min manata yüksəlib. Amma bankın ümumi ehtiyatları 10 min manat artaraq 3 milyon 6 min manata çatıb. Nəticədə bankın cəmi kapitalı 4 milyon 965 min manat azalaraq 50 milyon 54 min manata düşüb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Bank BTB”nin faiz gəlirləri 1 milyon 145 min manat artaraq 26 milyon 792 min manata, faiz xərcləri isə 1 milyon 339 min manat artaraq 16 milyon 856 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 600 min manat azalaraq 9 milyon 530 min manata enib. Bundan başqa “Bank BTB”nin qeyri-faiz gəliri 587 min manat azalaraq 5 milyon 245 min manata, faiz xərcləri isə 1 milyon 493 min manat azalaraq 14 milyon 333 min manatadək azalıb. Xərclərini azaltması nəticəsində bankın əməliyyat mənfəəti 306 min manat artaraq 442 min manata bərabər olub.