"RabitəBank"ın sədri mətbuat katibi vəzifəsini də icra edir.
Kommersant.az xəbər verir ki, bu haqda məlumatı bankın marketinq departamentindən Aygün Məmmədli bildirib.
Görünür, ünvanladığımız sorğuya cavab almaq üçün 1 aydır əlaqə saxlaya bilmədiyimiz "RabitəBank"da işlər fərqli irəliləyir. Müraciətə gah cavab verən, gah yenidən göndərməyimizi istəyən, gah zəngi açmayıb mesajlara cavab verməyən marketinq departamentinin son sözü "Bu kimi işlərə bizdə birbaşa Aydın Hüseynov nəzarət edir" olduqdan sonra sözügedən şəxsin kimliyini aydınlaşdırmaq istədik. Məlum oldu ki, Aydın Hüseynov "RabitəBank"ın sədridir.
Bankın iş prinsipi, yəni sədri mətbuat katibi təyin etməsi alışılmadıq olduğundan təəccübləndik. Sədrə mail ünvanladıq. Həm yönləndirmə üzrə sorğu göndərdik, həm təyinatı ilə bağlı eşitdiyimiz bilgini dəqiqləşdirmək istədik. Amma yenə cavab gəlmədiyi üçün "Susmaq razılıq əlamətidir" prinsipindən yanaşdıq.
"RabitəBank" vəzifə təyinatını xərcləri azaltmaq üçünmü edib, yoxsa Aydın Hüseynovun mətbuata xüsusi marağımı var, deyə bilmərik. Amma görünən odur ki, rəhbərlik səviyyəsinə də qalxmış olsa, sözügedən bankda mətbuatla işləyə biləcək şəxs yoxdur. Məsləhət görərdik ki, qanunvericilikdə nəzərdə tutulduğu üzrə "RabitəBank" ASC - Açıq Səhmdar Cəmiyyəti olaraq mətbuata, sorğulara cavab vermək məcburiyyətini unutmasın. Mümkün qədər qısa vaxtda mətbuat katibi olaraq bu sahədə ixtisaslı kadrlar seçsin.