“AFB Bank” (AFB) 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti 750 min manat və ya 40.47 faiz artaraq 2 milyon 603 min manata çatıb.
Kommersant.az AFB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2022-ci ilin eyni rübü ilə müqayisədə 26 milyon 407 min manat və ya 10 faiz artaraq 290 milyon 487 min manata bərabər olub. Bu artımda kredit portfelinin payı 77.9 faiz təşkil edib. Belə ki, AFB-nin kredit portfeli 20 milyon 585 min manat və ya 14 faiz artaraq 166 milyon 831 min manata yüksəlib. Bu portfeldə istehlak kreditləri 2 milyon 90 min manat artaraq 19 milyon 971 min manata, biznes kreditləri 12 milyon 391 min manat artaraq 95 milyon 811 min manata, ipoteka kreditləri isə 6 milyon 103 min manat artaraq 51 milyon 48 min manata bərabərləşib.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 5 milyon 692 min manat azaldaraq 20 milyon 508 min manata endirib. Buna görə də AFB-nin xalis kreditləri 26 milyon 276 min manat artarqq 146 milyon 322 min manat olub.
AFB-nin YIĞIMLARI ÖHDƏLİKLƏRİNİ ARTIRIB
Bankın öhdəliklər cəmi 2022-ci ilin ilk rübü ilə müqayisədə 34 milyon 391 min manat və ya 19 faiz artaraq 215 milyon 345 min manata çatıb. Bu artımda depozit portfelinin payı 67.5 faiz olub. AFB-nin sözügedən portfeli 23 milyon 224 min manat və ya 22.26 faiz artaraq 127 milyon 524 min manata çatıb.
Portfelin 30 faizini fiziki şəxslərin, 70 faizini isə hüquqi şəxslərin depozitləri təşkil edib. AFB hüquqi şəxslərdən topladığı əmanətləri 9 milyon 848 min manat artıraraq 37 milyon 87 min manata, hüquqi şəxslərdən topladığı pulların həcmini isə 13 imlyon 377 min manat artıraraq 90 milyon 437 min manata yüksəldib.
CƏMİ KAPİTALI 9.6 FAİZ AZALIB
Səhmdar kapitalını dəyişməyən AFB-nin bölüşdürülməmiş mənfəəti 8 milyon 303 min manat və ya 74.26 faiz azalaraq 2 milyon 877 min manata enib. Ümumi ehtiyyatları isə 318 min manat artaraq 1 milyon 870 min manat olub. Nəticədə bankın cəmi kapitalı 2022-ci ilin üyni rübü ilə müqayisədə 7 milyon 984 min manat və ya 9.6 faiz azalaraq 75 milyon 142 min manata enib.
FAİZLƏRİ ƏMƏLİYYAT MƏNFƏƏTİNƏ MƏNFİ TƏSİR EDİB
Bankın faiz gəlirləri 11 min manat artaraq 4 milyon 255 min manata, faiz xərcləri isə 397 min manat artaraq 958 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 3 milyon 296 min manat olub ki, bu da 2022-ci ilin eyni rübü ilə müqayisədə 386 min manat və ya 10.4 faiz azdır.
Qeyri-faiz gəliri 451 min manat artaraq 2 milyon 392 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 97 min manat artaraq 4 milyon 699 min manata bərabər olub. Buna görə də bankın əməliyyat mənfəəti 1 milyon 32 min manat və ya 51 faiz azalaraq 989 min manata düşüb.
AFB-nin məcmu kapitalı isə 8 milyon 25 min manat və ya 9.78 faiz azalaraq 73 milyon 962 min manata enib.