“Muğan Bank” 2023-ci ilin ilk rübünə mənfi göstəricilərlə start verib.
Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Muğan Bank”ın aktivlər cəmi 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 59 milyon 515 min manat və ya 7.4 faiz azalaraq 739 milyon 823 min manata enib. Bu azalmada kredit portfelinin payı 51.6 faiz təşkil edib. Belə ki, bankın kredit portfeli 423 milyon 41 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 30 milyon 730 min manat və ya 6.8 faiz azdır. Bu azalmada biznes kreditlərinin payı 93.9 faiz olub. Belə ki, biznes kreditləri 28 milyon 851 min manat azalaraq 266 milyon 270 min manata, istehlak kreditləri 1 milyon 494 min manat azalaraq 43 milyon 93 min manata, ipoteka kreditləri isə 385 min manat azalaraq 113 milyon 664 min manata düşüb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını da 21 min manat azaldaraq 6 milyon 340 min manata endirdiyi üçün “Muğan Bank”ın xalis kreditləri 416 milyon 701 min manata bərabərləşib. Bu da ötən ilin sonu ilə müqayisədə 30 milyon 708 min manat və ya 6.9 faiz azdır.
DEPOZİT PORTFELİ CƏMİ ÖHDƏLİKLƏRİNİ “ƏRİDİB”
“Muğan Bank”ın cəmi öhdəlikləri 59 milyon 593 min manat və ya 8.4 faiz azalaraq 646 milyon 565 min manata düşüb. Bu azalmanın əsas səbəbi isə bankın depozit portfelinin ciddi şəkildə azalmasıdır.
Biznesmenlər bankdakı əmanətlərinin 63 milyon 509 min manatını və ya 65.4 faizini geri götürərək 33 milyon 592 min manata endirib. Fiziki şəxslərin depozitləri isə 394 milyon 426 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 229 min manat azdır. Nəticədə bankın depozit portfeli 63 milyon 737 min manat və ya 12.9 faiz azalaraq 428 milyon 19 min manatadək “əriyib”.
ZƏRƏRİNİ AZALDARAQ KAPİTALINI ARTIRIB
"Muğan Bank" cari ilin ilk rübündə 102 min mant xalis mənfəət əldə edib. Bu mənfəəti də bankın yığılmış zərərindən çıxaraq sözügedən zərəri 23 milyon 548 min manata endirib. Ümumi ehtiyatlarını isə 25 min manat azaldaraq 9 milyon 306 min manata endirdiyi üçün bankın cəmi kapitalı 78 min manat artaraq 93 milyon 258 min manata yüksəlib.
FAİZ GƏLİRLƏRİ MƏNFƏƏTİNİ AZALDIB
"Muğan Bank"ın faiz gəlirləri 29 milyon 313 min manat azalaraq 10 milyon 698 min manata, faiz xərcləri isə 25 milyon 544 min manat azalaraq 10 milyon 537 min manata düşüb. Buna görə də bankın xalis faiz gəliri 3 milyon 769 min manat azalaraq 161 min manata enib.
Qeyri-faiz gəlirini 38 milyon 422 min manat azaldaraq 7 milyon 578 min manata, qeyri-faiz xərclərini isə 25 milyon 778 min manat azaldaraq 7 milyon 590 min manata endirib. Nəticədə bankın əməliyyat mənfəəti 149 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 16 milyon 413 min manat və ya 99.1 faiz azaldır.
Bankın xalis mənfəəti isə 2 milyon 914 min manat və ya 96.6 faiz azalaraq 102 min manata düşüb.
"Muğan Bank"ın məcmu kapitalı da 14 milyon 481 min manat azalaraq 88 milyon 683 min manata enib.
Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi (ROA) 0.36 faiz azalaraq 0.01 faizə, kapitalının gəlirliyi (ROE) isə 3.22 faiz azalaraq 0.1 faizə düşüb.