Uzun illərdən sonra “Naxçıvanbank” ASC-nin səhmdarlarının adları açıqlanıb.
Kommersant.az Yeniavaza istinadən xəbər verir ki, “Naxçıvanbank” ASC-nin əsas səhmdarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbovdur. Bank səhmlərinin 63,66%-i Rza Talıbova məxsusdur.
Səhmlərin 20,48%-i Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-i qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsusdur.
Məlumat üçün bildirək ki, “Naxçıvanbank” ASC 2008-ci ildən fəaliyyət göstərir. Mərkəzi Bankın qəbul etdiyi “Azərbaycan Respublikasının Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması” Qaydalarına uyğun olaraq ölkədə fəaliyyət göstərən banklar hər il maliyyə hesbatı təqdim edirlər. Təqdim olunan maliyyə hesabatlarında bankın səhmdarlarının da adı açıqlanmalıdır. Lakin, “Naxçıvanbank” ASC bu günə kimi maliyyə hesabatını natamam təqdim edib.
Məsələn, bankın 2017-ci il üçün təqdim etdiyi maliyyə hesabatında 5-ci səhifə, yaxud 2019-cu ildə təqdim etdiyi hesabatda 8-ci səhifə olmayıb. Bankın 2021-ci il üçün təqdim etdiyi hesabatda isə 9-cu səhifə olmayıb, lakin daha sonra düzəliş edilərək 9-cu səhifə hesabata əlavə olunub. Lakin, əvvəlki illərdə olduğu kimi yenə də səhmdarların adı olan hissə silinib.
Ancaq bu il ilk dəfə olaraq 2022-ci ilin maliyyə hesabatında səhmdarların adı açıqlanıb.