Hazırda Maliyyə Nazirliyinin dövlət istiqrazları, AMB-nin notları və depozit hərraclarına banklar tərəfindən böyük maraq müşahidə olunmaqdadır.
"Kommersant.az" xəbər verir ki, buna səbəb kimi ki, real sektorla kredit aktivliyinin o qədər də yüksək olmaması və keyfiyyətli borcalanların azlığı göstərilir.
"Qiymətli kağızların risk dərəcəsi 0-dır".
Bunu redaksiyamıza açıqlamasında, iqtisadçı ekspert Elman Sadiqov bildirib. Onun sözlərinə görə, Azərbaycanda riskli qiymətli kağızlar bazarı yoxdur:
"Azərbaycanda qiymətli kağızlar bazarı dedikdə, əsasən dövlət qiymətli kağızları və maliyyə sektorunun iştirakçıları tərəfindən (banklar, sığorta şirkətləri) buraxılan istiqrazlar nəzərdə tutulur. Korporativ şirkətlər də ("SOCAR", "Metak") istiqraz buraxır. İstiqraz, alternativ maliyyələşmə mənbəyidir. Onu gün ərzində likvid pula çevirmək mümkündür. Dövlət təminatı altında olduğundan, qiymətli kağızların batma ehtimalı da yoxdur".
Ekspert qeyd edib ki, hazırda kreditləşmə əvvəlki aktiv səviyyəsində deyil:
"Banklar kredit portfelində yığıma gedirlər. 2014-cü ilə qədər 45 bankın 21 milyard manata yaxın kredit portfeli var idi. Həmin dövrdə dolların kursu 0.78 manat idi. Ölkədəki böhrandan sonra real sektor kredit götürməyə ehtiyat edir. Banklar da layihələrə daha tələbkar yanaşmağa başlayıblar. Onlar, az riskli alətlərə (qiymətli kağızlara) üstünlük verməyə çalışırlar. Real sektor banklara mütləq şəkildə layihələr təqdim etməlidir (rentabelli layihələr azlıq təşkil edir). Çünki iqtisadiyyatın dirçəlməsi üçün real sektorun kreditləşməsi getməlidir. Kənd təsərrüfatı, turizm sahəsi öz imkanları hesabına inkişafa çalışır".
İqtisadçı vurğulayıb ki, son 2 ildə bankların kapitalı 3,9 milyard manata çatıb:
"Bu, müsbət haldır. Artımın qarşılığında kreditləşmə nisbətən zəifdir. Kredit yığılır, kapital artır, amma kreditləşmə zəif olduğundan, banklarda pul kütləsi (likvidlik) yaranır. Problemdən ən optimal çıxış yolu isə qiymətli kağızlardır. Maliyyə Nazirliyinin dövlət istiqrazları, əsasən fiskal siyasətə xidmət edir. Mərkəzi Bankın buraxdığı notlar isə daha çox ölkənin monetar siyasəti ilə müəyyən olunur. Həmin notlar daha qısamüddətlidir (28 gün). Banklar manatla depozit cəlb edirlər, faiz ödəyirlər, riskli kreditlər verməkdənsə, dövlət qiymətli kağızlarına investisiya etmək daha sərfəlidir. Bu yolla həm əhalinin pulu risk altında olmur, banklar daha etibarlı olur, həm də aktivlər daha sağlam olur. Mərkəzi Bankın yerləşdirdiyi qısamüddətli notlarda likvidliklə bağlı problem yoxdur. Maliyyə Nazirliyinin qiymətli kağızları ilə əks repo əməliyyatları aparmaqla qiymətli kağızları Mərkəzi Bankda girov qoyaraq pul cəlb edib, sonradan həmin kağızları geri qaytara bilirsiniz".
E.Sadiqov bildirib ki, banklar pulu riskli layihələrə, istehlak kreditlərinə yönləndirəcəyi təqdirdə təhlükə yarana bilər:
"Manatla olan depozitlərin həcmi artmaqdadır. Çünki faiz dərəcəsi yüksəkdir, həm də neftin qiyməti kifayət qədər yüksəkdir. Əhalinin növbəti devalvasiyalardan gözləntiləri isə çox aşağıdır".