“AG Bank” da əhalinin əmanətləri 33 milyon 621 min manat azalıb. Bankın bağlanma riski olduğundan əhali bankda olan pulunu geri çəkir.
“AG Bank” ASC 2018-ci ilin 9 ayını 6 milyon 122 min manat xalis zərər ilə başa vurub. Bank, ötən ilin eyni dövrünü 1 milyon 699 min manat xalis zərər ilə bağlamışdı. Bankın zərəri 3,6 dəfə artıb.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ BAĞLAMIR
“Kommersant.az” bankın 3-cü rübə olan hesabatına istinadən xəbər verir ki, hesabat dövründə “AG Bank”ın cəmi gəlirləri 37 milyon 163 min manat, cəmi xərcləri 40 milyon 323 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 3 milyon 159 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 801 min manat da ayrıldığından zərər 6 milyon 122 min manata yüksəlib.
KAPİTALI AZALIB
Bankın cəmi balans kapitalı ötən ilin sonu ilə müqayisədə 5 milyon 156 min manat azalaraq 42 milyon 18 min manata, məcmu kapitalı isə 3 milyon 726 min manat azalaraq 40 milyon 846 min manat olub. Bankın yığılmış zərəri 73 milyon 301 min manata çatıb.
FAİZ GƏLİRLƏRİ AZALIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
Ötən ilin 9 ayı ilə müqayisədə “AG Bank”ın faiz gəlirləri 17 milyon 832 min manatdan 13 milyon 700 min manata düşüb, qeyri-faiz gəlirləri isə 22 milyon 9 min manatdan 23 milyon 463 min manata qalxıb. Bankın faiz xərcləri isə 17 milyon 14 min manatdan 12 milyon 995 min manata düşüb, qeyri-faiz xərcləri isə 23 milyon 356 min manatdan 27 milyon 328 min manata yüksəlib.
ƏHALİ ƏMANƏTLƏRİNİ GERİ GÖTÜRÜB
“AG Bank”da depozitlər ötən ilin sonundakı 216 milyon 622 min manatdan 246 milyon 791 min manata yüksəlib. Artıma, hüquqi şəxslərin tələbli depozitlərinin 44 milyon 651 min manatdan 91 milyon 262 min manata, fiziki şəxslərin tələbli depozitlərinin isə 47 milyon 172 min manatdan 65 milyon 576 min manata yüksəlməsi səbəb olub. Bankda əhalinin əmanətləri isə (fiziki şəxslərin müddətli depozitləri) 122 milyon 770 min manatdan 89 milyon 149 min manata düşüb.
AMB –NIN TƏLƏBİNƏ CAVAB VERMİR
Bankın hesabatında məcmu kapitalın adekvatlıq əmsalı 7,30% olub ki, bu da norma olaraq 10% nəzərdə tutulub.
LİSENZİYASI LƏĞV OLUNA BİLƏR
Banklara olan məcmu kapital tələbinin 50 milyon manat olduğunu nəzərinizə çatdırıq. Belə ki, “AG Bank”ın hazırda 40 milyon 846 min manat məcmu kapitalı var. Bu isə bankın bağlanma riskini artırır.