“Turan Bank” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə 62 milyon 198 min manat və ya 12.7% artaraq 551 milyon 736 min manata yüksəlib. Bunun əsas səbəbi nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin 1 il ərzində 56 milyon 694 min manat artmasıdır. Aktivlər maddəsində daha bir artım müştərilərə verilən xalis kreditlərdə olub. Belə ki, "Turan Bank" 2020-ci ilin sonunadək xalis kreditləri 345 milyon 304 min manat olub ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 5 milyon 899 min manat və ya 1.7% çoxdur. Müştərilərə verilən kreditlərin bölgüsündə bankın istehlak kreditləri 8 milyon 591 min manat azalaraq 49 milyon 5 min manata düşsə də, biznes kreditləri 2 milyon 166 min manat artaraq 240 milyon 377 min manata, daşınmaz əmlak kreditləri isə 12 milyon 364 min manat artaraq 61 milyon 857 min manata yüksəlib.
"Turan Bank"ın depozit portfeli 1 il ərzində 42 milyon 140 min manat və ya 17.7% artaraq 280 milyon 232 min manata çatıb. Bu da bankın cəmi öhdəliklərinin 56 milyon 543 min manat və ya 13.6% artaraq 471 milyon 300 min manata yüksəlməsinə səbəb olub. Depozitlər bölgüsündə fiziki şəxslərin depozitləri 10 milyon 227 min manat artaraq 213 milyon 897 min manata, hüquqi şəxslərin depozitləri isə 31 milyon 913 min manat artaraq 66 milyon 335 min manata çatıb.
"Turan Bank"ın cəmi kapitalı 1 il ərzində 5 milyon 564 min manat çoxalaraq 80 milyon 435 min manata bərabər olub.
Faiz gəlirləri 36 milyon 206 min manat, faiz xərcləri isə 22 milyon 856 min manat olduğuna görə bankın xalis faiz gəliri 13 milyon 620 min manat təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyon 587 min manat və ya 13.2% çoxdur. Qeyri-faiz gəliri 4 milyon 122 min manat, qeyri-faiz xərcləri isə 16 milyon 641 min manat olduğuna görə bankın əməliyyat mənfəəti 1 milyon 101 min manata bərabər olub.
"Turam Bank"ın xalis mənfəəti 268 min manat və ya 64.4% artaraq 684 min manata çatıb. Buna görə də bankın mənfəət vergisi 171 min manat artıb.
Bankın məcmu kapitalı 1 il ərzində 5 milyon 394 min manat və ya 7% artaraq 82 milyon 215 min manata yüksəlib.