USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AccessBank-da biznes müştərilərin rəqəmsallaşma səviyyəsi tarixi maksimumunu yaşayır

25.06.2023 Sərfəli Banklar
18 6
AccessBank-ın biznes müştəriləri bütün ödənişlərinin 96-97%-ni internet bankçılıq üzərindən həyata keçirirlər.

Bu barədə Trend-ə müsahibəsində AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı direktoru İlkin Quliyev bildirib.

Cənab Quliyev AccessBank kartları vasitəsilə ödənişlərin həcmi və tranzaksiyaların sayında da müsbət dinamikanın olduğunu qeyd edib:

"Son üç ilin göstəricilərini müqayisə etsək, görərik ki, dinamika müsbətdir. Bunun əsas səbəblərindən biri bazarda baş verənlərdir. Hətta nağd tranzaksiyalar üzrə göstəricilər belə böyük müsbət trend nümayiş etdirir. 2015-2021-ci illər arasında nağdsız hesablaşmalar üzrə tranzaksiyaların sayı artaraq 25 milyona çatıb. Bu, Azərbaycanın bütün bank sektoru üzrə trenddir və həmçinin AccessBank-ın kartları vasitəsilə tranzaksiyaların müsbət dinamikasında əksini tapıb. 2021 və 2022-ci illərdə AccessBank-ın kartları ilə nağdsız tranzaksiyaların sayını və həcmini müqayisə etsək, 30 faiz artımın olduğunu görərik - bu həm pərakəndə sektor müştərilərinin kart tranzaksiyalarına, həm də sahibkar müştərilərin ödənişlər üzrə nağdsız hesablaşmalarına aiddir. Beləliklə, həm pərakəndə, həm də biznes seqmenti üzrə nağdsız hesablaşmaların sayında artım görünür".

Onlayn ödənişlər və POS-terminallar vasitəsilə ödənişlər üçün bank kartlarından istifadə tendensiyasına toxunan İlkin Quliyev burada da dinamikanın müsbət olduğunu qeyd edib:

"Bu istiqamətdə də təkcə AccessBank-da deyil, bütün bazarda müsbət dinamika müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına baxsaq, 2015-2021-ci illər ərzində POS-terminallar vasitəsilə ödənişlərin sayında artımın yetərincə yüksək olduğunu görərik. Məsələn, 2015-ci ildə tranzaksiyaların məbləği il ərzində 706-708 milyon manat civarında idisə, 2021-ci ildə isə 4 milyard manata yaxın olub. Eyni zamanda, 2015-ci ildə POS-terminal vasitəsilə ödənişlərin orta məbləği 200 manatadək, 2021-ci ildə isə 45 manat olub. Bu halda dinamika fərqlidir, çünki ölkədə POS-terminalların sayı artıb: 2015-ci ildə bir POS-terminalın payına 175-200 manat düşürdüsə, bu gün POS-terminalların sayı artdığından əks tendensiya müşahidə olunur. Prinsipcə bu da düzgündür. Bu dinamika AccessBank-da da müsbətdir. 2021-2022-ci illər ərzində POS-terminal şəbəkəsi üzərindən tranzaksiyaların sayında 20% artım müşahidə edirik. Dövlət institutları nağdsız iqtisadiyyatın artımı üçün səylər göstərir, ƏDV-in geri qaytarılması kimi müxtəlif stimullaşdırıcı kampaniyalar həyata keçirir. Hesab edirəm ki, hökumətin bütün bu tədbirləri böyük müsbət nəticə gətirir və nağdsız hesablaşmaların sayı bu gün qonşu ölkələrdə olduğu kimi növbəti 3-5 il ərzində də artacaq".

İlkin Quliyev əlavə edib ki, AccessBank Azərbaycan bazarında 20 ildən çoxdur ki, fəaliyyət göstərir və bankın əsas məqsədini kiçik və orta sahibkarlığa dəstək olmaqdır.

"Biz həmçinin korporativ müştərilərə və onların əməkdaşlarına, yəni əməkhaqqı kartlarının sahiblərinə xidmət göstəririk. Bankımızın planları arasında, o cümlədən kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların maliyyələşdirilməsi yer tutur. Korporativ seqment üçün xidmətlərin inkişafı üzrə planlarda təkcə ənənəvi kreditləşdirmə və biznes əməliyyatlara xidmət deyil, həm də xarici maliyyə institutları ilə birgə maliyyələşdirmə yer tutur. Bundan başqa, bu həm də korporativ müştərilər üçün internet bankçılığın gələcək inkişafı deməkdir. Ölkənin bank sektoru maliyyə bazarının əsas katalizatoru olmaqla ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir; AccessBank isə bu işdə mikromaliyyələşdirmə üzrə aparıcı bank olaraq qalmağa davam edir", - deyə o əlavə edib.

Cənab Quliyev bu gün qlobal rəqəmsallaşma fonunda kibertəhlükəsizlik məsələlərinin böyük rol oynadığını qeyd edib:

"Nağdsız ödənişlərin artdığını və müştəri-bank əlaqələrinin getdikcə daha çox internet bankçılıq və mobil tətbiqlərə keçdiyini nəzərə aldıqda, kibertəhlükəsizlik bu gün bank biznesinin ayrılmaz hissəsinə çevrilir. Mərkəzi Bank da son bir neçə il ərzində kibertəhlükəsizlik səviyyəsinin artırılması məsələləri ilə çox fəal şəkildə məşğul olur. AccessBank da istisna deyil. Fərdi müştərilər və sahibkarlarla işimizdə kibertəhlükəsizliyin lazımı səviyyəsinin təmin olunması üzrə bütün tədbirləri görürük. Bu, ilk növbədə daima həm mobil tətbiqin, həm də internet bankçılıq platformasının işini təhlil etməklə müdaxilələrdən və digər kiber risklərdən müdafiəni təmin edən xüsusi sistemlərdir. Bundan başqa, gözlənilməz hallara hazırlıq bankın bütün rəqəmsal platformaları üçün stres testlərin keçirilməsini təmin edir. Fəaliyyətimizin ikinci istiqaməti müştərilərə davamlı olaraq maliyyə savadlılığının aşılanması və fırıldaqçılıq kimi potensial kiber risklər barədə məlumatlandırmaqdan ibarətdir.

İ.Quliyev əlavə edib ki, son zamanlarda Azərbaycan bazarında "data science" və "big data" ilə iş fəal şəkildə artmaqdadır:

"Əlbəttə ki, ölkənin bütün bankları bu prosesə cəlb olunmayıb, lakin bu sadəcə zaman məsələsidir. Məlumatlarla işləmək banka müştərisini daha yaxşı tanımaq imkanı verir. Müştərilərin davranışları barədə əldə edilmiş məlumatların təhlili müştərilərin həyatını asanlaşdırmaq məqsədi daşıyan yeni bank məhsul və xidmətlərinin hazırlanması ilə nəticələnir. Azərbaycanın bank sektoru artıq bu vasitələrdən çoxunu uğurla istifadə etməkdədir".

Depozit olaraq yerləşdirilən vəsaitlərdən gələn gəlirə vergi qoyulması məsələsini şərh edən İlkin Quliyev qeyd edib ki, əhali bu praktikanı anlayışla qarşılayıb:

"AccessBank əhalidən cəlb olunan vəsaitlərin həcminə görə ölkənin ən öndə gedən bankları siyahısına daxildir. Bu səbəbdən bizim üçün bu məsələ çox vacib idi. Düşünürəm ki, əmanətçilər bu praktikanı anlayışla qarşıladılar və əsas səbəb o idi ki, həm banklar, həm də dövlət strukturları onları yeniliyin bütün aspektləri barədə operativ şəkildə məlumatlandırdı. Hesab edirəm ki, bu verginin tətbiq olunması əhalinin banklara vəsait yerləşdirməsinə güclü təsir etməyəcək. Çünki əmanətlərin qorunması, dövlət tərəfindən sığortalanması daha prioritetdir. Əmanətçilərsə bilirlər ki, Əmanətlərin Sığortalanması Fondu depozitləri həm manatla, həm də dollarla sığortalayır. Həmçinin düşünmürəm ki, bu verginin tətbiqi faiz dərəcəsinin artmasına səbəb olacaq".

İlkin Quliyev sonda bildirib ki, AccessBank üçün regional filiallar şəbəkəsi vacib rol oynayır:

"Ötən il AccessBank ölkənin əhəmiyyətli regionu olan Naxçıvanda növbəti filialını açdı. Hazırda bankımızın 30 filialı fəaliyyət göstərir. Bunlardan 14-ü Bakıda, 16-sı isə bölgələrdə yerləşir. Bu il bölgələrdə daha bir neçə filial açmağı planlaşdırırq. Hələlik işğaldan azad olunmuş ərazilərində filial açmaq planı yoxdur. Lakin düşünürəm ki, AccessBank gec ya da tez işğaldan azad olunmuş ərazilərdə təmsil olunacaq, çünki bu ərazilərin gələcək inkişafı təkcə dövlət sektorunun deyil, həm də özəl sektorun prioritetidir".