USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətovla - MÜSAHİBƏ

28.08.2023 Sərfəli Banklar
0 0
“İllər ərzində işimizin öhdəsindən peşəkarcasına gələrək, müştərilərin güvənini qazanıb, bazarda lider mövqeyimizi qorumuşuq”

Kommersant.az xəbər verir ki, bu sözləri AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov saytımıza müsahibəsində bildirib.

AccessBank uzun illərdir ki, Azərbaycanda mikromaliyyələşdirmə lideri mövqeyini qoruyub saxlayır. Uğurunuzun sirri nədədir?

  • AccessBank Azərbaycanın maliyyə bazarında mikromaliyyələşdirməni tanıdan ilk bankdır. Biz artıq 20 ildir ki, yerli bazarda mikro, kiçik və orta sahibkarlara dəstək oluruq. Rəqəmlərə gəldikdə, 2021-ci ildə mikro kredit portfelinin həcmini 51%, 2022-ci ildə isə 32% artırmaqla, mikro kredit portfelimizi yarım milyarda çatdırdıq. Görünür bu illər ərzində işimizin öhdəsindən peşəkarcasına gələrək, müştərilərin güvənini qazanıb, bazarda lider mövqeyimizi qorumuşuq. Bu nəticələrin əldə olunmasının əsas amilləri çevik kredit şərtləri, sürətli qərarvermə mexanizmi və ən əsası peşəkar kadrlarımızın mövcudluğudur.

Bəs, son dövrdə mikrokreditləşmədə hansı sahələrə maraq daha yüksəkdir?

  • Ölkədə iqtisadi mühitin əlverişli olması və sahibkarların dövlət tərəfindən dəstəklənməsi nəticəsində bütün sahələr biznesin inkişafına yönəlmiş kreditlərdən faydalanır. Lakin daha çox kənd təsərrüfatı və ticarət sahəsi aktivlik göstərir. Kənd təsərrüfatı bu gün dövlətin xüsusi dəstək aldığı istiqamətlərdən biridir. Son zamanlar isə yükdaşıma ilə məşğul olan sahibkarların müraciətləri üstünlük təşkil edir. Bu da gözləniləndir, çünki ölkənin coğrafi mövqeyi və son illər əsas nəqliyyat qovşağına çevrilməsi, əlavə olaraq Zəngəzur dəhlizinin açılması ilə bu sahə dəfələrlə inkişaf edəcək.

Kənd təsərrüfatından söz düşmüşkən - hazırda verilən mikro kreditlərin şərtlərinə görə ən sərfəli kredit sahəsi aqro kreditdir. Bu krediti digərlərindən fərqləndirən ən üstün cəhəti isə kredit faizinin aşağı olmasıdır. AccessBank-da bu istiqamətdə işlər necə gedir?

  • Kənd təsərrüfatı kreditləri AccessBank-ın mikro portfelinin ən böyük hissəsidir və hazırda 37% təşkil edir. Bankın kənd təsərrüfatına dair xüsusi məhsulları mövcuddur. Müştərilərə kənd təsərrüfatı sahəsindən asılı olaraq müəyyən şərtlər ilə ödənişlər təyin olunur. Kənd təsərrüfatının inkişafı istiqamətində fondlarla da - Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyi ilə də sıx əməkdaşlıq edirik. Ümumi kənd təsərrüfatı portfelində fondların vasitəsi ilə verilən kreditlər 10% təşkil edir. Kredit portfelimizin əsas hissəsini isə öz vəsaitlərimiz hesabına formalaşdırırıq.

Dövlət fondları ilə əməkdaşlıqlar necə qurulub? Açıqlanan siyahılarda AccessBank-ın adı hər zaman ilk top 5-likdə hallanır.

  • Öncə qeyd etdiyim kimi hazırda Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu ilə sıx əməkdaşlıq edirik. Kənd təsərrüfatının inkişafı istiqamətində əsas AKİA və SİF-in dəstəyi ilə güzəştli kreditlər təklif edirik. Bundan başqa, SİF istehsal və turizm ilə məşğul olan müştərilərə güzəştli kreditlər də təklif edir. İpoteka və Kredit Zəmanət Fondu isə istehsalat və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün girov tələbini girov zəmanəti ilə əvəzləyərək, kreditlərin daha da əlçatan olmağını təmin edir. Fikrimcə, yuxarıda sadalanan güzəştlər qeyri-neft sektorunun inkişafına kifayət qədər təkan verir.

Sizcə, kiçik sahibkarlar üçün mikro kreditlərin əlçatan olması üçün hansı addımlar atılmalıdır?

  • Uzun müddət mikro kreditlər sahəsində lider mövqeyində olmağımıza baxmayaraq, biz daima mikrokreditlərin daha əlçatan olması üçün çalışırıq. Bu işdə əsas məsələ prosesin optimallaşdırılması, avtomatlaşdırılması və digitallaşdırılmasıdır. Bir sözlə, bu dəqiqə bu sahədə ən əsas məsələ maliyyə resurslarının inkluzivliyini təmin etməklə yanaşı, bu prosesi maksimum sürətləndirməkdir. Misal üçün, sahibkara maliyyə dəstəyi lazım olanda əlavə sənədləşdirmə işi aparmadan sadəcə mobil telefon vasitəsi ilə sifariş verib kartına kredit alması kimi.

Fermerlərin mikro kreditdən istifadəsi üçün səyyar bank xidmətləri qurmaq olarmı?

  • AccessBank bu istiqamətdə də müəyyən işlər görüb. Hazırda kredit mütəxəssisləri planşet vasitəsi ilə fermerlərin təhlilini yerində edib kreditin təsdiqlənməsi və yaxud imtina olunması barədə informasiyanı dərhal vermək iqtidarındadırlar. Lakin bu prosesin daha sürətli olması üçün fermerlərin özlərinin də bu istiqamətdə müəyyən yardımı lazımdır. Belə ki, kiçik sahibkarın dəqiq maliyyə hesabatları elektron formada hər hansı bir sistem üzərində olarsa, bu, bankın işini dəfələrlə yüngülləşdirər.

2023-cü ilin ikinci rübünün ümumi renkinqinə görə AccessBank biznes kreditlərinə görə 6-ci sıradadır. Buna görə də bankın bölgələrdə filiallarının aktivliyi ön plana keçib. Bank bu nəticəni əldə etmək üçün hansı addımlar atır?

  • AccessBank-ın missiyası mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə maliyyə xidmətləri və həlləri təklif etməklə, Azərbaycanın dayanıqlı inkişafına töhfə verməkdir. Bankın strategiyasında əsas üstünlük biznes kredit portfelinin inkişafıdır. Bank son 2 ildə kredit portfelini 2 dəfədən çox artırıb, həmçinin filial şəbəkəsini də genişləndirməyə nail olub. Belə ki, AccessBank Naxçıvan Muxtar Respublikasında, Şəmkirdə, Qəbələ və Tovuzda yeni filiallarını açıb, bir neçə köhnə filialı yeni konsepsiya ilə əsaslı təmir edib. Bankın böyüməyi ilə yanaşı komandası da artır, hazırda 1500-ə yaxın əməkdaşı var. Bu nəticələri əldə etmək üçün bankın güclü tərəfləri - effektiv idarəetməsi, yüksək keyfiyyətli xidməti, geniş filial şəbəkəsi, şəffaf iş prosesi və güclü komandası var.

Kiçik sahibkarların yaş həddi getdikcə cavanlaşır. Bu cavanlaşma banklarımızın işinə necə təsir göstərir? Kredit portfelini artırmaq daha da asanlaşır ya necə?

  • Yeni nəsil sahibkarların formalaşması bankları sevindirir. Yeni nəsil iş adamları daha çox rəqəmsal kanallardan istifadəyə üstünlük verir, bu da öz növbəsində bankların yeni çağırışlarla qarşılaşdırır. Yeni nəslin həm də yeni məhsullara tələbləri artır. Banklar da yeni texnologiyalara və İT istiqamətinə investisiya qoyur. Yeni texnologiyaların tətbiqi ilə banklar daha az insan əməyindən istifadə edir və zamana qənaət edir. Bu da öz növbəsində xidmətin effektivliyini artırır. Lakin fikrimcə, yeni texnologiyaların köməyi çox olsa da, heç bir maşın insan göstərdiyi münasibəti və istiliyi əvəz edə bilməz. Bunları isə müştəri AccessBank-da tapır.

Sahibkarlar üçün yeni mikro kredit kartının bazarda olan digər kartlarla müqayisədə üstünlükləri nələrdir?

  • Müqayisə etmək istəmirəm, lakin bu gün biznes kredit kartı bazarda nadir məhsuldur. Kartın yaradılması ideyası müştərilərimizin istəkləri nəticəsində yarandı. Kredit kartı məhsulu istehlak istiqamətində geniş istifadə olunur. Biznes kredit kartının əsas məqsədi isə xırda biznes xərclərinin qarşılanmasıdır. Bunlara ezamiyyət xərcləri, inzibati xərclər, iş görüşləri və yaxud müxtəlif kollektiv yığıncaqlar daxildir. Əsası da odur ki, mikro kartı çox tez bir zamanda və sərfəli şərtlərlə əldə etmək mümkündür.