USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilib

25.07.2019 Sosial
1 0
Təhsil Nazirliyi ilə "ASAN Xidmət”in birgə həyata keçirdiyi "Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsi başlayıb.

"Kommersant.az" xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov layihənin əsas məqsədinin müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlərin aparılması olduğunu bildirib.

Layihənin rəhbəri Rüstəm Ağayev isə deyib ki, imtahanların keçirilməsində məqsəd 2019-2020-ci tədris ilindən əhatə dairəsi genişləndirilən "Məktəblinin dostu” pilot layihəsinə əməkdaşların seçilməsidir.

Qeyd olunub ki, imtahanlarda iştirak etmək üçün 724 gənc müraciət edib və onlardan 400-dən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə 50 sual (ümumi və psixoloji) təqdim edilir. Onların əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılır.

Seçilən namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanırlar. Müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək. Bu mərhələdən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər "Məktəblinin dostu” olacaq.

Sonra layihə üzrə imtahanların müsahibə mərhələsinə başlanılıb.

Xatırladaq ki, "Məktəblinin dostu” pilot layihəsi hazırda 35 məktəbdə fəaliyyət göstərir və yeni tədris ilindən etibarən layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır. (Report.az)