USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vilayət Eyvazovdan polislərə tapşırıq

27.07.2019 Sosial
0 0
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 26-27-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

"Kommersant.az" xəbər verir ki, nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 49 vətəndaş ilə görüşüb.

V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Daha sonra nazir DİN Daxili Qoşunlarının bu şəhərdə yerləşən hərbi hissəsinə gələrək şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.

Sonra nazir hərbi hissənin meydanında hərbi qulluqçuların fiziki və döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilən təlimləri izləyib, əldə olunan nəticələrdən razılığını bildirib.

Şəxs heyət qarşısında çıxış edən V.Eyvazov Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

Görülən işləri yüksək qiymətləndirən, konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.