USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Orta məktəblərdə mobil telefondan istifadə qadağan edilə bilərmi? - RƏSMİ

06.09.2019 Sosial
0 0
Rusiya Təhsil Nazirliyi, İstehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti (Rusiya istehlaka nəzarət), "Rospotrebnadzor" və Təhsil Akademiyası məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılması ilə bağlı tövsiyə məktubu hazırlayıb.

Bu barədə Rusiyanın Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tövsiyə məktubu ictimai rəy sorğusu əsasında hazırlanıb və artıq məktəblərə göndərilib. Səlahiyyətli şəxslər məktəblərdə mobil cihazların yalnız şagirdlər üçün deyil, eyni zamanda müəllimlər və valideynlər üçün məhdudlaşdırılmağını tövsiyə edib. İlk olaraq məktəbə gələn zaman mobil cihazlarının səssiz rejimə keçirilməsi təklif olunub. Tədris prosesində isə mobil cihazların istifadəsinin məhdudlaşdırılmağının tövsiyə edildiyi bildirilib.

Məlumatda qeyd edilir ki, məktəblərdə mobil cihazdan istifadənin uşaqların sağlamlığına zərər verməsinin, öyrənməyə mənfi təsirlərinin qarşısının alınması üçün məlumatlandırma aparılmalıdır. Sağlamlığında problem olan, məsələn, qan şəkərinin səviyyəsini mobil telefon vasitəsilə öyrənən şagirdlərə bu qadağanın şamil olunmaması da tövsiyə edilib.

Məlumatda bildirilir ki, növbəti il Rusiya istehlaka nəzarət İdarəsi mobil cihazlardan istifadənin məhdudlaşdırılmasının şagirdlərin səhhətinə təsirini və təhsil prosesində effektivliyin artmasına səbəb olub-olmadığını yoxlayacaq.

Qeyd edək ki, Rusiyanın "İctimai Rəy Fondu”nun avqustda ölkənin 53 bölgəsində 1500 nəfər arasında keçirdiyi sorğunun nəticəsinə görə, müəllimlərin 90%-i, valideynlərin 89%-i, şagirdlərin isə 61%-i məktəblərdə mobil telefon məhdudiyyətinin tərəfdarı olduğunu açıqlayıb. Ümumilikdə rəyi soruşulanlardan 65%-i mobil cihazların şagirdlərin dərs prosesinə mane olduğuna inanır, 29%-i bu problemin çox şişirdildiyini düşünür. Respondentlərin 19%-i hesab edir ki, uşaqların məktəblərə mobil cihaz gətirməsi ümumiyyətlə qadağan edilməlidir, 13%-i tövsiyə edir ki, mobil cihazlar məktəbə gələndə təhvil verilsin, evə gedəndə qaytarılsın, 29%-i isə mobil cihazların uşaqlara yalnız dərs prosesi müddətində verilməsini tövsiyə edib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentino Matvienko ötən ay məktəblərdə smartfonlara tamamilə qadağa qoyulmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib. Onun sözlərinə görə, mobil cihazlar uşaqları dərs öyrənməkdən yayındırır. Ancaq o bildirib ki, "uşaqları dərs müddətində telefonlarını ümumi bir yerdə saxlamağa məcbur etsəniz, bu zaman telefonlar oğurlana bilər”. "Rospotrebnadzor"un rəhbəri Anna Popova xüsusi işçi qrupunun bu məsələ ilə məşğul olacağına söz verib. Təhsil və elm naziri Olqa Vasilyeva da məktəb daxilində mobil cihazlardan istifadənin məhdudlaşdırılmasının lehinə çıxış edib.

Bəs Azərbaycanda necə, orta məktəblərdə mobil telefonlar qadağan oluna bilərmi?

Məsələ ilə bağlı Təhsil Nazirliyi sorğuya cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur. Lakin tədris prosesi zamanı telefonlardan istifadəyə yol verilmir.

Millət vəkili, eyni zamanda Sabunçu rayonu, Nardaran qəsəbəsi 295 saylı orta məktəbin direktoru olan Dilarə Cəbrayılova açıqlamasında bildirib ki, rəhbərlik etdiyi məktəbdə şagirdlər dərsə gəldikləri zaman mobil telefonlarını qapıdakı nəzarətçiyə verirlər, evə gedəndə isə geri alırlar:

"Hansısa uşağın vacib zəng vurmağa ehtiyacı varsa, tənəffüs zamanı gəlib nəzarətçidən alıb telefonla danışır, sonra yenə nəzarətçiyə verib dərsə qayıdır. Yəni, bizdə dərs prosesində mobil telefonlardan istifadə edilmir. Mobil telefonun zərərləri çoxdur. Bunun nəticəsində uşaqlar erkən yaşlardan şüalanma ilə qarşılaşırlar. Dəfələrlə alimlər də araşdırma aparıb və bildiriblər ki, bu, müxtəlif xəstəliklərə səbəb olur. Nə qədər çalışsaq ki, uşaqların bu cihazlardan istifadəsinin tam olaraq qarşısını ala bilmirik. Dərs prosesi zamanı mobil cihazlardan istifadəyə gəldikdə isə müəllimin tövsiyəsi ilə o dərsə aid nəyisə axtarıb tapmaq lazım olarsa, telefondan istifadəyə etiraz etmərəm. Çünki ola bilsin ki, həmin şagirdin evində kompüter yoxdur. Mobil telefonun uşağın dərsdən yayınmasına heç bir təsiri yoxdur. Buna baxmayaraq, mən məktəbdə şagirdlərin mobil telefondan istifadəsinə icazə vermirəm. Uşaqlar onsuz da gün ərzində telefondan çox istifadə edirlər, xüsusilə də evdə. Heç olmasa məktəbdə 6-7 saat şüadan uzaq olsunlar. Dediyim kimi, yalnız istisna hal kimi müəllim dərs zamanı hansısa informasiyanı tapmağı tapşırarsa, o zaman icazə verilə bilər. Müəllim və valideynlərin məktəbdə mobil telefondan istifadəsinə gəldikdə isə onu deyim ki, valideynlərə qarışa bilmərik. Valideyn onsuz da qısa müddətlik məktəbdə olur. Ancaq dərs prosesində müəllimlərin mobil telefondan istifadəsinə icazə vermirəm. Müəllim 45 dəqiqə ancaq dərslə məşğul olmalıdır”.

Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə bildirib ki, dərs vaxtı mobil telefondan istifadə birmənalı şəkildə qadağan olunmalıdır: "Biz bunu illərdir deyirik, çünki müşahidələrimiz onu göstərir ki, tədris prosesində mobil telefonlardan istifadə edən şagirdlər də, müəllimlər də var. Dərs vaxtı çəkilən müxtəlif videoların olması, şagirdlərin dərs vaxtı sosial şəbəkədə olması və s. buna sübutdur. Dəfələrlə deyirik ki, bunun qarşısı alınmalıdır. Mobil telefon artıq həyatımızın bir parçasına çevrilib. Yəni, bunu tam qadağan etmək yox, müəllim və şagirdlərə təlim prosesi zamanı, valideynlərə də dərs prosesinə mane olduqları halda mobil telefondan istifadəyə qadağa qoyulmalıdır. Bununla bağlıı müxtəlif təcrübələr var. Özəl məktəblərdə hər sinifdə bir şkaf var. Şagirdlər məktəbə gələndə valideynlərinə çatmaqları barədə xəbər verirlər. Daha sonra telefonlar söndürülüb həmin şkafa qoyulur, həmin şkaf da bağlanır. Düşünürəm ki, müəllimlər otağında da o cür şkaf olmalıdır, dərs zamanı telefonlar həmin şkafa qoyulmalıdır. Xüsusi bir hal yaranarsa, kimsə özünü pis hiss edərsə, həmin vaxt mobil telefondan istifadəyə icazə verilə bilər. Bunu etmək elə çətin bir şey deyil, bunun üçün xüsusi bir qanuna da ehtiyac yoxdur, Təhsil Nazirliyinin daxili əmri ilə tənzimlənən bir şeydir. Pedaqoji Şuranın özünün qərarı ilə də bu addımı atmaq olar. Düşünürəm ki, builki tədris ilindən başlayaraq bunu həyata keçirmək lazımdır. Bununla bağlı hər hansı bir əmr verilsə, mütləq əməl edilməlidir. Verilən əmrə hamı birmənalı əməl etməlidir".