"Bir çox ölkələrdə məktəblilərə, tələbələrə, şagirdlərə nəqliyyatdan istifadə güzəştləri var. Azərbaycanda da buna bənzər tələbə kartı, şagird kartı təsis etmək olar".
"Kommersant.az" xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli millət vəkili Fazil Mustafanın məktəblilərdən, tələbələrdən nəqliyyatlarda yol pulu alınmaması ilə bağlı təklifinə münasibət bildirərkən söyləyib.
"Tələbələrə nəqliyyat vasitələrindən istifadədə nə kimi güzəşt olunmalıdır" - sualını cavablandıran iqtisadçı qeyd edib ki, güzəşt məsələsi normaldır, ancaq bunu forması dəqiq nizamlanmalıdır:
"Əslində, bunu daha düzənli bir hala gətirmək olar. Əlaqədar dövlət orqanları belə bir təsisata gedə bilərlər. Ancaq bunu dövlət məktəblərində oxuyan şagirlərdlərə şamil etmək olar. Çünki uşaq özəl məktəblərdə oxuyursa, demək ki, həmin ailənin imkanı vardır. Özəl məktəbdə oxuyanın bəlkə də nəqliyyat güzəştinə ehtiyacı yoxdur. Amma dövlət məktəblərində oxuyan şagirdlərə, dövlət universitetlərində oxuyan tələbələrə simvolik ödənişlə şagird kartı və tələbə kartı təsis edilə bilər. Simvolik ödəniş də niyə görə lazımdır? Hesabat olsun, kartları kimə gəldi paylamasınlar. Bu, sui-istifadə hallarının qarşısını almaq üçündür. Məsələn, şagirdlər üçün aya 1-2 AZN, tələbələr üçün aya 2-3 AZN və simvolik ödənişlərlə aylıq abunəçilik kartları paylamaq olar. Bununla da onlara nəqliyyatdan istifadədə çox böyük güzəştlər tətbiq etmək olar. Bu universal kartla həm metrolardan, həm avtobuslardan leqal şəkildə istifadə etmək olar. Həm də nəqliyyatın dövriyyəsi bilinər. Çünki vergi məsələlərinə görə nəqliyyatın dövriyyəsini bilmək vacibdir. Beləcə düzənli, sistemli bir hal yaranar. Təklifin özü çox yaxşı təklifdir. Ancaq tək formaya bağlamaq düzgün deyil. Mənə elə gəlir ki, bu kart sistemini tətbiq etmək daha məntiqli olardı".
Məsələni ictimailəşdirən millət vəkili Fazil Mustafa da iqtisatçı ekspertin təklifini dəstəkləyib. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu da məqbul variantlardan biridir:
"Cüzi məbləğdə və yaxud da ödəniş olmadan bu problemi həll etmək lazımdır. Valideynin marağı olmaya bilər, elə bir dünya görüşünə sahib ola bilər ki, uşağın məktəbə getməməsi vecinə olmaz. Ona görə də bu məsələdə dövlət daha çox maraqlı olmalıdır ki, uşaq cəhalət içində yetişməsin. Problemin mahiyyəti budur. Hesab edirəm ki, bu tip məsələlərlə dövlət maraqlanmalıdır. Biz çalışmalıyıq ki, hansı yolla olur-olsun uşağı məktəbə gətirək. Əks təqdirdə bu problemlər qalacaq. Bu məsələnin həllində ciddi nəticəyə nail olmalıyıq və cəmiyyət arasında bunun həlli yolları müzakirə olunmalıdır. Hansı yol mümkündürsə, o variantı həyata keçirməliyik. Həm dövlətin böynuna çox yük düşməsin, həm də problem həllini tapsın.
"Uşağın pulunu dövlət niyə ödəməlidir?" deyənlər də ola bilər. Belə izah edim. Sabah cəhalət qurbanı olan uşağın xərci dövlətə daha baha başa gəlir. Buna görə də müəyyən qurumlar, hökümət məsələyə anlayışla yanaşmalıdır. Uşaqların belə problemlə qarşılaşmaması üçün addım atmaq lazımdır. Uşaq pul qazanmır, valideynin də pulu yoxdursa, uşaq nə etsin? Sentyabr ayında adi məktəbə hazırlıq xərcləri 180-200 manata qədər gəlib çıxır. Pensiya alan adam uşağa necə çanta, ayaqqabı, paltar, dərs ləvazimatları alsın? Bunların hamısı pul tələb edir. Ona görə də bu məsələyə ciddi baxılmalıdır. Uşaqlarımızı vəziyyətdən çıxartmalıyıq, onlara dərsə getməlidir. Xarici ölkələrdə belədir ki, nəqliyyat evdən götürüb gətirir. Özəl məktəblərdə maşınlar var ki, ödəniş edirsən, uşağı aparıb-gətirir. Bəs dövlətdə oxuyanlar nə etməlidir?!"
Qeyd edək ki, iki gün qabaq bir avtobus sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda, avtobusu sürməyəcəyini deyib. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmaması təklifiylə çıxış edib.