USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib

21.09.2019 Sosial
0 0
Bu gün Buzovna çimərliyi ərazisində "Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib.

"ASAN xidmət", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Yüzlərlə iştirakçının qoşulduğu builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tədbirdə çıxışı zamanı aksiyada iştirak edən hər kəsə təşəkkür edib. O qeyd edib ki, belə aksiyalar artıq geniş vüsət almış hərakatdır:

"Təkcə Azərbaycan deyil, bütün Xəzəryanı ölkələr Xəzərin sahilində belə aksiyalar keçirir. Eyni zamanda, bütün dünya bu cür aksiyalar keçirir . Biz də Nazirlik olaraq hər zaman belə aksiyaların keçirilməsində aktiv olmuşuq və bu, davam edəcək".

Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, belə aksiyalarn keçirilməsi çox gözəl təşəbbüsdür:

"Ölkəmiz dünyanın rəmzi məna daşıyan günlərində hər zaman aktiv iştirak edir. Yay mövsümü bitdikdən sonra sahilyani ərazilərimizin təmizlənməsinin böyük rəmzi mənası var. Burada 500-dən çox "ASAN" könüllüsü iştirak edir".

Tədbirdə "ASAN Xidmət"in siması Mr.ASANT da iştirak edib.

Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas isə bildirib ki, Aİ gələcəyin təmiz və yaşıl olması barədə düşünür:

"Buna görə Azərbaycanla əməkdaşlıq etməkdən çox məmnunuq. Plastik tullantıların çürüməsinə 100 ildən çox vaxt gedir. Bu tullantılar dənizdə balıqların qidası olur, sonra isə həmin balıqları özümüz yeyirik. Ancaq biz buna layiq deyilik. Ona görə də çalışmalıyıq ki, təmizlədiyimiz ərazilər həmişə təmiz qalsın".

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.

Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 9 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur. /APA