USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənşəyi məlum olmayan süd məhsulları satışdan çıxarılıb

26.10.2019 Sosial
0 0
Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin 1003-Çağrı Mərkəzinə daxil olmuş növbəti məlumat əsasında AQTA tərəfindən Sumqayıtda vətəndaş Rəhimov Famin Əfrasiyab oğluna məxsus “Pompey” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən “Ordubad” supermarketində monitorinq keçirilib.

AQTA-dan verilən məlumata görə, monitorinq zamanı süd məhsulları olan bölmənin vitrinində mənşəyi məlum olmayan, etiketlənməyə dair tələbləri (məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanılma şərtləri, istehsalçının adı, ünvanı) qeyd edilməyən “Alman pendiri”, “Bərdə pendiri”, “İsmayıllı pendiri” adları altında satılan, ümumi çəkisi 292,8 kq olan pendir və 29,5 kq şor aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən məhsulların normaya uyğun olmadığı aşkarlanıb. Aşkarlanan nöqsanlar əsasında, qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə müəssisənin rəhbəri barədə inzibati protokol tərtib edilib, həmin məhsullar satışdan çıxarılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək, Agentlik tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçiriləcəkdir.