Prezident İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər qurumları zəruri tədbirləri davam etdirir.
"Kommersant.az" xəbər verir ki, FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 7 ay ərzində ümumi sahəsi 4,5 milyon m2 olan 46 651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib.
Bildirilib ki, 218-i Bakı şəhəri, 8-i Abşeron rayonu, 1-i Sumqayıt şəhəri, 4-ü Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılması üçün həmin çatışmazlıqlar yaşayış binalarının sifarişçilərinin və sakinlərin bir qisminin iştirakı ilə 28, 30 oktyabr və 1 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində görüşlər keçirilib.
Maraqlıdır ki, müzakirələrdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, "Azərsu” ASC-nin, SOCAR "Azəriqaz” İB-nin və "Azərişıq” ASC ilə yanaşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri də iştirak edib. Görüşlərdə bir bina üzrə vəziyyət və nöqsanların aradan qaldırılması üçün işlər müzakirə edilib.