USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İdxal vergisi artırılır: Bu avtomobillər bahalaçacaq - SİYAHI

02.11.2021 Sosial
0 0
Azərbaycana xaricdən gətirilən avtomobillər üçün aksiz vergisi artırılır.

“Kommersant.az” xəbər verir ki, aksizlərin artırılması 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.

Aksiz dərəcələrində artım həm avtomobillərin istehsal ilindən, həm də mühərrik həcmindən asılı olaraq yenidən hesablanacaq.

Vergi Məcəlləsinə avtomobillərlə bağlı təklif edilən dəyişiklik böyük həcmli mühərriki olan avtomobillərə şamil olunacaq ki, bu da yalnız yüksək gəliri olan vətəndaşlara təsir edəcək.

Əhali üçün müsbət dəvişiklik hibrid mühərrikli yeni avtomobillərin idxalı ilə bağlıdır. Bu avtomobillərin idxalı ƏDV-dən azad ediləcək. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. Köhnə hibrid avtomobillər isə vergidən azad edilməyəcək.

Beləliklə, Məcəllənin 164.1.41-ci maddəsinə edilən dəyişikliyə görə, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı va satışı, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Bundan başqa, məcəlləyə ediləcək dəyişikliyə əsasən, avtomobilin istehsal tarixi 7 ildən artıq olduqda, ona əlavə vergi hesablanacaq. İndiyədək avtomobillər 3 ildən yeni və 3 ildən köhnə kimi iki yerə ayrılırdılarsa, indi bölgü 3 hissədən ibarət olacaq: 3 ilədək, 3-7 ilədək və 7 ildən artıq.

Bununla bağlı məcəlləyə yeni 190.4.1-4-ci maddə əlavə ediləcək. Həmin maddəyə əsasən Azərbaycana xaricdən idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, onlara hesablanan aksizin məbləği əlavə əmsala vurulmaqla artırılacaq.

Belə ki, benzin mühərrikli minik avtomobillərin aksizi 1,2 əmsalına, dizel mühərrikli minik avtomobillərinin aksiz vergisi isə 1,5 əmsalına vurulacaq.
Bu o deməkdir ki, əgər indi istehsal tarixi 7 ildən artıq olan hansısa benzinlə işləyən avtomobilin aksiz vergisi 5 min manatdırsa, dəyişiklikdən sonra bu məbləğ 6 min manat olacaq. Əgər həmin avtomobil dizellə işləyirsə, yenilikdən sonra onun aksiz vergisi 5 min manat deyil, 7500 manat olacaq və sair.

Digər yenilik, mühərrikinin həcmi 3 litrdən artıq olan avtomobillər üçündür. Yenilikdən sonra ölkəyə gətirilən həmin avtomobillərin aksiz vergisi daha çox artacaq. Məsələn, əgər hazırda ölkəyə gətirilən 3,5 litr mühərrikli avtomobilin aksiz vergisi 12 100 manat idisə, 2022-ci ildən bu məbləğ 13 100 manat olacaq. Əgər hazırda ölkəyə gətirilən 4,6 lit mühərrikli avtomobilin aksiz vergisi 39 600 manat olurdusa, 2022-ci ildən bu məbləğ 42 600 manat olacaq. Ölkəyə gətlən 5,7 litr mühərrikli avtomobilin aksiz vergisi isə 102 600 manatdan 116 600 manata qədər artırılacaq.