Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kentukki ştatında, Polşanın Pomorsk inzibati ərazisində və Filippinin Bulakan əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Amerika Birləşmiş Ştatlarının Kentukki ştatında, Polşanın Pomorsk inzibati ərazisindən və Filippinin Bulakan əyalətindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin Amerika Birləşmiş Ştatlarından, Polşa və Filippin respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.