USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın voleybolçu qızları səfərdə Portuqaliya yığmasına qalib gəliblər

03.06.2018 İdman
1 0
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti qələbəsini qazanıb.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, millimiz turnirin V turunda səfərdə Portuqaliya yığmasının qonağı olub.

İspaniyalı baş hakim Xose Luis Arrarte Miranın idarə etdiyi oyunda millimiz ilk seti 25:20 hesabı ilə öz xeyrinə başa vurub. İkinci setdə portuqaliyalı voleybolçular hesabı bərabərləşdiriblər – 28:26. Oyunda yüksək əzmkarlıq nümayiş etdirən voleybolçularımız ardıcıl iki setdə 25:11 və 25:15 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. "A" qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk görüşdə Bakıda Ukrayna yığmasını 3:1, ikinci qarşılaşmada isə Portuqaliya seçməsini eyni hesabla məğlubiyyətə uğradıb. Voleybolçularımız üçüncü turda Bolqarıstan millisinə səfərdə 1:3 hesabı ilə uduzublar. Bakıda keçirilən IV turda isə millimiz Bolqarıstandan üstün olub – 3:1. Liqanın final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.