USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlk dəfə 125 dövlət əmlakı hərraca çıxarılacaq

14.01.2019 Tender
0 0
Fevralın 21-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanında ilk hərrac keçiriləcək. Komitədən bildiriblər ki, hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr arasındadır. Mehmanxana, sanatoriya, mağaza, restoran və digər sahələrə aid olan dövlət obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Gəncədə yerləşən yeməkxananın ümumi faydalı sahəsi 536,7 kvadratmetrdir. Totanlı küçəsindəki bu dövlət əmlakı 7323 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. İnvestor 7 min 500 manat beh ödəyərək xidmət sahəsində gəlirli fəaliyyətə imkan verən obyektin sifarişçisinə çevrilə bilər.

Sərmayəçilərə maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kvadratmetr ilə 267,6 kvadratmetr intervalındadır. Dövlət əmlaklarından 13-ü paytaxtda, 6-sı Sumqayıtda, digərləri isə Gəncə, Tərtər, Daşkəsən və Sabirabadda yerləşir. Biznes fəaliyyətinə başlamaq istəyənlər bu kateqoriyadan olan dövlət əmlaklarını ofis və xidmət obyekti kimi istifadə edə bilər. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsindədir.

Təmir-tikinti, sənaye, kəndkimya, nəqliyyat, məişət və digər sahələr üzrə səhmdar cəmiyyətlərinin səhm paketləri də budəfəki hərraca çıxarılıb. Bu dövlət əmlaklarına "Bərdə Kəndkimya", "Tərtər Nəqliyyat", "Lənkəran Mebel" kimi səhmdar cəmiyyətləri aiddir. Belə müəssisələr respublikanın müxtəlif regionlarında yerləşir. Hərraca çıxarılan səhm paketləri səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45 faizini təşkil edir.

Avtomobil almaq istəyənlərə geniş seçim imkanı təklif edən nəqliyyat vasitələri isə "QAZ", "Volkswagen", "BMW", "Fiat" və digər markalara aiddir. Bu nəqliyyat vasitələrinin istehsal tarixləri 2005-2008-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac prosesinə qoşulmaq üçün Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir. İştirak etmək istəyənlər elektron formada qeydiyyatdan keçməklə ilkin hərrac qiymətinin 10 faizi həcmində beh ödəyib sifarişçiyə çevrilə bilər. Komitə yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Komitənin Əmlak Xidmətləri Məkanı Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsi, 20 ünvanında yerləşir. Açıq və şəffaf prosesdə həm canlı, həm də onlayn formada iştirak prosesi üçün 100 nəfərlik zal müasir avadanlıqlarla təmin edilib. Hərrac zalında quraşdırılan monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatlarla tanış olmaq, eləcə də virtual hərrac prosesini izləmək mümkündür.

  • Əvvəlki

    FED-in uçot dərəcəsini 2 mərhələdə artıracağı proqnozlaşdırılır

Digər xəbərlər

04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29