Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Qusar rayonu, Gədəzeyxur kəndində yerləşən Qusar Tədarük Satış Bazasıdır. Ümumi faydalı sahəsi 3813 kv.m olan kiçik dövlət müəssisəsi geniş torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu da əmlakın iqtisadi potensialını artırır, investor üçün gəlirli fəaliyyət imkanları yaradır.
Nəqliyyat vasitələri hərracda rəqabətli mühit yaradıb. Belə ki, istehsal ili 2006 olan "QAZ" markalı nəqliyyat vasitəsi üçün 5 sifarişçi hərracda iştirak edib. Bu avtomobilin ilkin hərrac qiyməti 7 min manat təyin olunsa da, qalib iştirakçı 9 min 400 manat təklif edərək onu özəlləşdirib. Rəqabətli hərrac "Kia Pregio" markalı avtomobil üçün də xarakterikdir. 2000-ci ildə istehsal olunan nəqliyyat vasitəsi üçün 3 sifariş qəbul edilib. Dövlət əmlakı hərracda 4 min 100 manata özəlləşdirilib.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə yeni hərrac elan edib. 29 may tarixində keçiriləcək hərraca ümumilikdə 58 dövlət əmlakı çıxarılıb. Onlardan 42-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə qeyri-yaşayış sahələridir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095.1 kv.m intervalındadır. Bu kateqoriyadan olan dövlət əmlaklarına turizm, ticarət, təsərrüfat obyektləri, zavod, fabrik filialları və digər müəssisələr aiddir. İnvestor Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Əliyev küçəsindəki ticarət obyektini torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Mağazanın ümumi faydalı sahəsi 184.6 kv.m, torpaq sahəsi isə 231.8 kv.m-dir.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12.5 kv.m ilə 213.7 kv.m arasındadır. Ofis və ya xidmət obyekti kimi istifadə oluna bilən dövlət əmlaklarından 6-sı Bakıda, 4-ü Sumqayıtda, 2-si Gəncədə, digərləri isə Tərtər, Bərdə, Daşkəsən və Sabirabadda yerləşir. Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 92.2 kv.m-dir. 5 mərtəbəli binadakı dövlət obyekti üçün ilkin qiymət 12 min manat təyin olunub.