USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

9 günlük şirkət necə tender qalibi oldu?

16.04.2021 Tender
0 0
Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yol Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Meduza FN” MMC (VÖEN- 2006617381) olub.

"Kommersant.az" xəbər verir ki, "Meduza FN” MMC tenderin qalibi kimi Mərkəzi Dəmir Yol Xəstəxanasından 44 min 970 manat vəsait alacaq.

"Meduza FN” MMC – 03.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Mərkəzi Dəmir Yol Xəstəxanası tender müsabiqəsini 29.03.2021-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 26 gün əvvəl yaranıb. Bu günlərin də 15-i şənbə, bazar və bayram günləri olaraq qeyri-iş günləri olub.

Cəmi 9 gün (iş günü) əvvəl yaranan və 45 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov, ev 28/3 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 2 manat olan MMC-nin qanuni təmsilçisi Seyidov Fehruz Yavər oğludur.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 9 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Bir neçə il əvvəl Rəşid Bağırov küçəsi ev 28/3 ünvanında qeydiyyatda olan Seyidov Fehruz Yavər oğlu mətbuata müraciət edərək Yol Polisi tərəfindən avtomobilinin qanunsuz şəkildə cərimə meydançasına aparıldığını və geri almaq üçün ondan 500 manat rüşvət istənildiyini qeyd etmişdi. Seyidov Fehruz Yavər oğlu mətbuatdan ona köməklik göstərilməsini xahiş edib.

Bir neçə il əvvəl Hesablama Palatası "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələrində nöqsanlar aşkarlayıb.

Nöqsan aşkarlanan müəssisələrdən biri də bu gün 9 günlük şirkətə 45 min manat ayıran Mərkəzi Dəmir Yol Xəstəxanası olub.

Yeniavaz.com