Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Bakı şəhərində yerləşən inzibati binasında cari təmir işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub. Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "SİRR-M” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 275.885,27 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SİRR-M” MMC 3 iyun 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı olan 20 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu, Yeddioymaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qulamov Vüsal Nəsrəddin oğludur.
"SİRR-M” MMC 27 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur. İnternet resurslarında şirkətin nə veb-səhifəsinə, nə də əlaqə telefonlarına rast gəlinir.
MMC-nin qanuni təmsilçisi Vüsal Qulamov da "sirli sahibkardır”. Barəsində hər hansı məlumat yoxdur.
Ötən il "SİRR-M” MMC-nin adı Masallıda Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasında hallanıb. Rayon sakinləri deyib ki, qazıntı işi çayın üzərində çəkilmiş bəndin yaxınlığında aparılır. Onların iddiasına görə, qazıntını aparan şirkət "SİRR-M" MMC-dir.
Şirkətin qeyri-rəsmi olaraq iş adamı Hacı Mazana (Ramazan Zeynalov) məxsus olduğu bildirilir. Məlumata əsasən, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır.
Məsələ barəsədə polisə də məlumat verilib. DİN-dən bildirilib ki, Viləşçayın Masallı rayonunun Şıxlar kəndindən keçən hissəsindəki hövzəsinin qanunsuz olaraq qazılıb daşınması barədə polisə müraciət daxil olub, müraciət əsasında Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacı Mazana gəlincə, o, tanınmış iş adamıdır. Əslən Masallının Yeddioymaq kəndindədir. "SİRR-M” MMC-nin hüquqi ünvanının da bu kəndə yerləşməsi şirkətin ona məxsus olması barədə şübhələri artırır.
Hacı Mazan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadəyə yaxınlığı ilə seçilir. Onunla Şeyxin quda olduğu bildirilir.