Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə 162 vakant vəzifə çıxarıb. Onlardan 22-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 140-ı B növünə (inzibati icraçı) aiddir.
Dövlət İmtahan Mərkəzindən "Kommersant.az"-a verilən məlumata görə, yanvarın 5-nə olan məlumata görə, Təhsil Nazirliyinin təqdim etdiyi vakant vəzifələrlə bağlı dövlət qulluğunun A növü üzrə 1 nəfər, B növü üzrə 37 nəfər müraciət edib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi yanvarın 4-də ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Dövlət orqanları arasında müsahibəyə ən çox vakant vəzifə çıxaran Təhsil Nazirliyidir.
Müsahibədə iştirak etmək üçün qeydiyyat fevralın 4-dək aparılacaq. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər fevralın 4-dək saat 18:00-ə qədər "Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.