“Bu il müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib”.
"Kommersant.az" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, 48 204 namizəd test imtahan mərhələsində iştirak üçün dəvət olunub: “41 288 namizəd isə müsabiqənin test imtahan mərhələsində iştirak edib. İmtahan mərhələsinin ilkin nəticələrinə əsasən, imtahanda iştirak edən namizədlərdən 18 881 namizəd (46%) imtahanda uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb”.
M. Vəliyevanın sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər imtahanlarda maksimal nəticə (60 bal) göstərib.
Nazir müavini qeyd edib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar iştirak edib: “Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrindən daha yüksək nəticə qazanmağa nail olub. Namizədlər tərəfindən keçən il əldə edilən nəticənin 2 il müddətində qüvvədə olduğunu nəzərə alsaq, onlar builki vakansiya seçimi mərhələsində hər bir fənn üzrə keçən il və bu il əldə etdiyi nəticələrdən birini seçərək iştirak edə biləcəklər”. (APA)